Prezident icra başçısını bu videoya görə cəzalandırıb — VİDEO

Prezident icra başçısını bu videoya görə cəzalandırıb — VİDEO Prezident İlham Əliyevin İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət verməsinin səbəbi açıqlanıb.
Pravda.az xəbər verir ki, N.Bağırov bir neçə gün öncə karantin qaydalarını pozaraq bir qrup sahibkarla İsmayıllının Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.

Məlumatda qeyd olunub ki, mәqsәd rayonun turizm potensialının tәdqiqi çərçivəsində “haykinq” kimi tanınan dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. Yeni ekoturizm layihəsinin reallaşdırılması hündürlüyü 2214 metr olan dağın eyni adlı yaylağında nәzәrdә tutulur. N.Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. Yaylaqda qlampinq tipli hotelin də təşkili nəzərdə tutulur. Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır. Həmin hoteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir.

İsmayıllı RİH-dən məsələyə münasibət bildirilməyib.
Qeyd: Dövlət başçısının aprelin 21-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.


Oxşar xəbərlər