“İcbari tibbi sığortada xəstələr istədiyi həkimi seçə biləcəklər” – Agentlik rəsmisi bütün suallara aydınlıq gətirdi – MÜSAHİBƏ

“İcbari tibbi sığortada xəstələr istədiyi həkimi seçə biləcəklər” – Agentlik rəsmisi bütün suallara aydınlıq gətirdi – MÜSAHİBƏ Bu il ölkə üzrə 4 mərhələdə tətbiqinə başlanılan icbari tibbi sığorta ilə bağlı yaranan sualları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov cavablandırıb. Turkustan.info agentlik rəsmisinin Modern.az-a müsahibəsini təqdim edir:



– Vüqar müəllim, Mingəçevir, Yevlax, Aşğdaş, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda həyata keçirilən pilot layihələrdən əldə edilən təcrübələr kifayət etmədimi ki, yenidən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə keçidinə qərar verildi?

– Bəzən insanlara elə gəlir ki, icbari tibbi sığortanın tətbiqi çox yüngül layihədir. Sadəcə maliyyələşmə modelini dəyişdirərək, icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Burada vacib olanı icbari tibbi sığortanın tətbiqinə tibb müəssisələrinin, kadrların, orada çalışan personalın buna hazır olmasıdır. Bunun üçün də müəyyən müddət lazımdır. İcbari tibbi sığortanın mərhələli tətbiqinin səbəblərindən biri də odur ki, həm əhali, həm də tibb müəssiələri buna hazır olsun. Bu, fərqli və yeni layihə olduğu üçün həm əhalinin, həm kadrların maairfləndirilməsi olduqca vacibdir. Bu da dediyim kimi müəyyən vaxt tələb edir.

– Bakı sakini olaraq, icbari tbbi sığortadan hələ oktyabrın 1-dən yararlana biləcəyəm. Bəs nə üçün aprelin 1-dən etibarən sığortahaqqı ödəməliyəm? Yəni mən xidmətdən yararlanmadığım müddətdə niyə sığortahaqqı verməliyəm?

– İcbari tibbi sığortahaqqı yığımı qanunla aprelin 1-dən tutulacaq. Amma icbari tibbi sığortanın tətbiqi, vətəndaşın bu xidmətdən istifadə etməsi Bakı sakinləri üçün oktyabrın 1-dən mümkündür. Bilirsiniz, bu, fərqli bir layihədir. Bütün dünyada qəbul olunub ki, işləyənin işləməyənə, cavanın yaşlıya köməyi olmalıdır. Layihənin qanunla tənzimlənən tərəfi odur ki, sığorthaqqı bu il aprel ayının 1-dən yığılsın və ölkə üzrə mərhələli tətbiqinə başlanılsın. Amma vətəndaş icbari tibbi sığortanın tətbiq olunduğu əraziyə səfər etdikdə və tibbi xidmətə ehtiyacı yarandıqda, həmin ərazilərdə tibbi xidmətləri ödənişli şəkildə əldə edə biləcək. Amma Bakı və Sumqayıtda hazırda səhiyyə xidmətləri onsuz da pulsuzdur və vətəndaşdan ödəniş tələb olunmur. Bu da ciddi nəzarətdədir. Vətəndaş regiondan asılı olmayaraq, tibbi xidmətdən ödənişsiz şəkildə yararlana bilər. Bakı, Sumqayıt, Abşeron və s. yerlərdə haradakı icbari tibbi sığorta tətbiq olunmur, orada xidmətlər dövlət büdcəsi hesabına, icbari tibbi sığorta tətbiq edildiyi ərazilərdə isə Agentliyin maddi vəsaiti hesabına icra olunur.



– İcbari tibbi sığortanın ölkə üzrə tam tətbiqindən sonra pasiyentlərin həkim və xəstəxananı seçmək hüququ olacaqmı?

– Biz bu hüququ məhdudlaşdırmırıq. Sadəcə vətəndaş icbari tibbi sığortanın qoyduğu qaydalardan kənara çıxdıqda, müştərək maliyyələşmə məbləğini ödəmək məcburiyyətində qalacaq. Yəni yaşadığı ərazidə tibbi xidmət əldə etmək istəyirsə, ailə həkiminin göstərişi olmadan da, birbaşa tibb müəssisəsinə müraciət edə bilər. Orada 5 manat həcmində müştərək maliyyələşmə məbləği, öz regionundan-tibbi ərazi bölməsindən kənara müraciət etdikdə, ambulator xidmət üçün 15 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Biz həkim seçiminə, vətəndaş hüquqlarına məhdudiyyət qoymuruq, sadəcə qaydalara riayət edilməsini tövsiyə edirik.

– Bəs dövlət və özəl sektorda çalışanların sığortahaqları hansı şəkildə tutulacaq, əməkhaqqı kartından, yoxsa vətəndaş bunu nağd şəkildə ödəyəcək? İkidən artıq yerdə çalışanların sığorta haqqı necə müəyyən ediləcək?

– Sığortahaqqı tutulması da qanunla tənzimlənir. Vətəndaşın sosial müdafiə üçün ödənişləri hansı qaydada həyata keçirilirsə, sığortahaqlarında da o qayda tətbiq ediləcək.

Dövlət tərəfindən təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığortahaqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında xidmətləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8 000 manatadək olan hissəsinin 2 faizi, 8 000 min manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında sığortahaqqı müəyyən edilib. Vergilər Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında sığortahaqqı müəyyənləşib. İki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəliri olan şəxslər hər iş və gəlir yeri üzrə icbari tibbi sığortahaqqı ödəməlidir.

– Sığortaolunanlar xidmtədən yararlanmaq üçün ilkin olaraq hara müraciət etməlidirlər?

– Vətəndaş tibbi xidmətə ehtiyacı yarananda ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri, tibb məntəqələri, Ailə Sağlamlıq Mərkəzləri olmalıdır. Vətəndaşlar ailə həkimlərinə aşağıdakı prinsiplərlə təhkim olunurlar. Tibb təchizatçısı ilə ev təsərrüfatları arasında olan məsafə, mövcud yol-nəqliyyat infrastrukturun vəziyyəti. Zərurət yaranarsa, ailə həkimi ixtisaslı həkimə göndəriş verir. Pasiyent ailə həkimi seçməkdə azaddır.

– Pilot layihələrin tətbiq edildiyi ərazilərdə uzun növbələrdən şikayətlər olurdu. Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb. Elektron növbələri bu turniketlər vasitəsilə tənzimləmək mümkün olacaqmı?

– Bəli, tibb müsəssisələrində növbə terminalları ilə təmin edilməyə başlanılıb. Artıq vətəndaş tibb müəssisəsinə daxil olduqda, sıra nömrəsini götürərək, qeydiyyatçıya yaxınlaşır. Bundan sonra qeydiyyatçının verdiyi göndərişlərdə də onun həkim qəbulunda və müayinədə neçənci olduğu qeyd edilir. Bu, birinci variantdır. İkinci varinat isə bir müddət keçdikdən sonra elektron şəkildə- onlayn rejimdə həkim növbəsinə yazılmaq mümkün olacaq. Bu gün pilot layihələrində vətəndaşın verdiyi laborator müayinənin cavabını almaq üçün xəstəxanaya getməyinə gərək yoxdur. Bunun üçün ona verilən xüsusi kod vasitəsilə analizilərin cavabını onlayn rejimdə əldə edilə bilir.

– Hazırda bəzi xəstəliklər var ki, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməyib. Gələcəkdə onkoloji kimi xəstəliklərin də xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulubmu?

– Xidmətlər zərfinə daxil olmayan xidmətlərin daxili əsasən, dövlət proqramlarının icrası bitdikdən sonraya nəzərdə tutulub. Bunlar onkoloji xəstəliklər, şəkərli diabet, qan və qan xəstəliklərini əhatə edən proqramlar başa çatdıqdan sonra icbari tibbi sığorta ilə əhatə olunacaq. Müddət müzakirə edildikdən sonra qərar veriləcək. Ambulator şəraitdə dərman təminatı, stomotoloji tibbi yardım xidməti və s. kimi xəstəliklər də müəyyən perioddan sonra xidmətlər zərfinə daxil ediləcək. Amma bu il ərzində təminata alınması nəzərdə tutulmayıb. Gələcəkdə icbari tibbi sığorta Agentliyinə daxil olan vəsaitlərin həcminə uyğun olaraq, qərar veriləcək.

– Artıq ilin sonunadək bütün ölkə icbari tibbi sığorta ilə əhatə olunacaq. Bu zaman kadr problemilə qarşılaşmaq kimi risklər varmı? Nəzərə alsaq ki, bəzi rayon və kəndlərdə hazırda kadr problemi mövcuddur…

– Regionlarda həkimlərlə bağlı çatışmazlıqlar mövcuddur. Xüsusilə bəzi ixtisas həkimlərilə bağlı problemlər var. Hazırda Agentlik sırf regionlarda kadr probleminin aradan qaldırılması üçün iş aparır. İnanırıq ki, ilin sonunadək layihə ölkə üzrə tətbiq edildikdə, problem öz həllini tapacaq. Artıq bütün tibb müəssisələri sığorta ilə işləmək prinsipilə tam məlumatlı olacaq və regionda işləyəcək həkimlərimizin sayı artacaq.

– İcbari tibbi sığortada ambulator müalicədə dərman təminatı nəzərdə tutulubmu?

– Hazırda ambulatorda deyil, stasionarda verilən dərmanlar sığorta təminatındadır. Vətəndaş müalicə üçün xəstəxanaya daxil olur və ondan əlavə vəsait tələb olunmadan xəstəxana tərəfindən təmin olunur. Gələcəkdə ambulator müalicdə dərman təminatına baxılacaq.

– Dünya praktikasında olduğu kimi, bizdə də reseptlərin elektronlaşdırılması mümkün olacaqmı?

– Bu qısa zaman tələb edən layihə deyil. Bunun üçün hazırlıqlı olmaq lazımdır. İlin sonuna kimi icbari tibbi sığortanın tətbiqilə tam tanış olunacaq. Layihə müəyyən etaplarla fərqli xidmətlər təqdim etməli olacaq. Bu da bütün dünyada tətbiq edilən xidmətlərdən biridir. Hansı ki, vətəndaş üçün çox faydalıdır. Bizim hədəfimiz çox müddət almadan bu xidmətin istifadəyə verilməsidir. Yəni bunun nəticəsində vətəndaş üçün tətbiq edilən elektron resept sayəsində dərman pereparatının ticari adı deyil, onun tərkibi və molekulu qeyd ediləcək. Vətəndaş da öz büdcəsinə uyğun dərmanı alacaq. Amma bu layinənin tam tətbiqi üçün bütün xəstəxanalar elektronlaşdırılmalıdır.

– Əvvəldə qeyd etdiniz ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilmədiyi ərazilərdə belə, tibbi xidmət pulsuzdur. Reallıq isə başqa şey deyir. Bu gün bəzi həkimlərə rüşvət verməyən xəstələr onların etdiyi müayinə və müalicəyə şübhə ilə yanaşır. Həmçinin, rüşvət verməyən xəstə həkim tərəfindən xoş qarşılanmır. Bu mənada həkimlərə və ümumilikdə tibbi işçilərinin əməkhaqlarına nəzərdə tutulan əlavələr belə neqativ halların aradan qaldırılmasında müsbət rol oynaya biləcəkmi?

– Doğrudur, neqativ hallar var. Bizim hədəfimiz məhz bu kimi neqativlərin aradan qaldırılması, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqdır. Həkim göstərdiyi xidmətin qarşılığında bonuslar əldə edəcək. Bundan başqa, icbari tibbi sığorta əməkhaqları hər bir həkim üçün normal həyat şəraiti təmin etməsi səviyyəsində olacaq ki, bu, əhaliyə göstərilən xidmətin keyfiyyətinə təsir etməsin. Hər bir həkim çalışmalıdır ki, vətəndaşa daha doğru, daha düzgün xidmət göstərsin ki, sabahı gün hansısa narazılıq olmasın. Çünki hər bir şikayət, hər bir müraicət Agentliyimiz tərəfindən araşdırılır və qarşıya çıxan neqativlərlə bağlı ciddi cəza tədbirləri həyata keçirilir.

– Necə düşünürsünüz, ümüumilikdə səhiyyə işçilərinin əməkhaqlarına əlavələr sabit maaş şəklində tətbiqi daha uğurlu olmazdımı? Yəni bu mənada ki, əlavələrin kimlərinsə təyin etməsi subyektiv münasibətin daha üstün olmasına səbəb olmayacaqmı? Tibb işçilərinə əlavələr, bonusların yazılması xəstəxanaların baş həkimlərinin səlahiyyətində olacaq?

– Əməkhaqqının ödənilməsi və təyin olunması Agentlik tərəfindən təsdiq olunub. Orada bonusların təyini baş həkimlərin səlahiyyətində deyil. Bu standart qaydadır. Orta və kiçik tibb işçilərinin əməkhaqqında olan artımlar onların işlədiyi profillər üzrədir. Orta tibb işçiləri üçün təyin olunmuş əməkhaqları var. Bölümlər üzrə cərrahiyyə, reanimasiya, təcili tibbi yardım, terapeya şöbəsində çalışanlar orta tibb işçisindən daha çox maaş alacaq. Çünki onların iş yükü və gərginliyi daha çoxdur. Digər sahələr də bu qaydalara müvafiq olaraq təşkil olunacaq. Bu zaman hansısa şəxsi münasibətdən söhbət gedə bilməz.

Oxşar xəbərlər