Sosial sahədə Əliyev inqilabının növbəti mərhələsi: Minimum əmək haqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı

Sosial sahədə Əliyev inqilabının növbəti mərhələsi: Minimum əmək haqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atıb. Belə ki, ölkə prezidentinin bu gün imzaladığı 17 sərəncamla minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artım edilib.

Musavat.com xəbər verir ki, sərəncama əsasən sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata qaldırılıb. Xatırladaq ki, minimum əmək haqqı bu il martın 1-dən 130 manatdan 180 manata qaldırılmışdı. Həmin zaman artım birbaşa olaraq 600 minədək insanı əhatə edib. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım olub. Minimum əməkhaqqının 180 manata çatdırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcəkdi. Bu dəfəki artım daha yüksək məbləği – 70 manatı ehtiva edir. Bu isə 600 minədək insanın əmək haqqının əvvəlkindən daha çox artmasına gətirib çıxaracaq.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük social paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, minimium pensiya məbləğləri, əlillərə verilən təqaüdlər ciddi şəkildə artırılıb. Eyni zamanda prezidentin fərmanı ilə 2015-ci il devalvasiyalarından əziyyət çəkən vətəndaşlara dəstək üçün dövlət büdcəsindən xarici valyutada kredit götürən 600 min nəfərdən yuxarı şəxsə kompensasiya ödənilib. Ümumilikdə bu ilin əvvəlində elan olunmuş sosial paket 3 milyon nəfərə yaxın insanı əhatə edib. İndiyədək atılan addımların icrası üçün büdcədən 2 milyard manatdan yuxarı vəsait ayrılıb.

Prezidentin bu gün imzaladığı sərəncamlarla Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Elmin İnkişafı Fondunda çalışan rəhbər və digər işçilərin, həmçinin dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

Digər sərəncamlarla isə dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı sentyabrın 1-dən 20 faiz artırılacaq.

Prezidentin bu gün imzaladığı sərəncamlara əsasən sentyabrın 1-dən Xüsusi Dövlət Mühafizə Xidmətinin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşları, həmçinin Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faiz həcmində artırılır.

Nazirlər Kabinetinə Maliyyə Nazirliyinin təklifləri əsasında bu qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində Prezidentə təqdim etmək tapşırılır.

Prezidentin daha bir sərəncamına əsasən Mərkəzi Seçki Komissiyası sədrinin maaşı 3060 manata, sədrin müavininin maaşı 2845 manata, katibin maaşı 2110 manata, sıravi üzvlərin maaşı isə 1920 manata çatdırılır.

Prezident hələ mart ayında social paketin tərkib hissəsi olan bir sıra fərman sərəncamlardan sonra bəyan etmişdi ki, bu addımlar davamlı olacaq. Ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət büdcəsinə böyük miqdarda əlavə vəsaitlərin daxil olduğunu bildirən İlham Əliyev bu artımların bütünlüklə əhalinin social rifah halının yaxşılaşdırılmasına yönəldiləcəyini elan etmişdi. Prezident xüsusilə minimum əmək haqqı və pensiyanın artırılması imkanlarının onun tapşırığı ilə araşdırıldığını və bu istiqamətdə artımların davamlı olacağını qeyd etdmişdi. Göründüyü kimi, üstündən 3 ay keçmiş ölkə prezidenti minimum əmək haqqının əvvəlkindən daha böyük həcmdə artırılmasına dair sərəncam imzalayıb.

Bu gün imzalanan sərəncamlar bir daha ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə cavab verdiyini göstərir.

Oxşar xəbərlər