Fazil Məmmədovun kadrı Xətainin icra başçısı olmaq istəyir

Fazil Məmmədovun kadrı Xətainin icra başçısı olmaq istəyir İlqar Süleymanovun ikinci cəhdi baş tutacaqmı…
Bakının ən böyük rayonlarından olan Xətai rayonu 6 aya yaxındır rəhbərsiz qalıb. Uzun illər bu rayona rəhbərlik etmiş Razim Məmmədov 2018-ci ilin 13 dekabr tarixində ölkə prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilib. Bu vaxta qədər də o posta təyinat olmayıb. Prosesin bu qədər uzanması haqda ictimaiyyətə heç bir məlumat verilmir.

Bəzi iddialara görə, olduqca əhəmiyyətli olan Xətai rayonuna başçı axtarışları başa çatmayıb. Çox güman ki, dövlət rəhbərliyi bu cür strateji əhəmiyyətli rayona korrupsiya çirkabına bulaşmamış, adı rüşvətdə, başqa çirkin işlərdə hallanmamış kadr təyin etməyi planlaşdırır. Son dövrlər icra başçıları təyinatında əsas götürülən xətt məhz budur: təmiz reputasiyalı, gənc, intellektual, xarici dil bilən, müasir texnologiyalardan istifadə etməyi bacaran kadrlara etimad göstərilir.

Xətai rayonundan narazılıq çoxdu. Təkcə bir faktı deyək: yaşıllıqların məhvi məsələsi uzun illərdi aradan qaldırılmır. İcra başçısı vəzifədən getsə də yaşıllıqlara qənim kəsilən dəstə hələ də iş başındadı. Bu ayın əvvəllərində rayonun Məhəmməd Hadi küçəsində baş verən “yaşıl soyqırım” buna bariz nümunədir. Ənənə necə qoyulubsa, təəssüf ki, onu dayandırmaq hələ də mümkün deyil.

Musavat.com-un əldə etdiyi məlumata görə, məhz bu cür işlər, vəzifədə olduqları dövrdə yol verdikləri nöqsanlar səbəbi ilə Xətai RİH-nin bir neçə vəzifəli şəxsinin fəaliyyəti hələ də təftiş edilir. Bildirilir ki, onların barəsində açılmış cinayət işi, başladılmış istintaq dayandırılmayıb.

Fazil Məmmədovun kadrı Xətainin icra başçısı olmaq istəyir


İlqar Süleymanov

Bu arada, Xətai rayonunun icra başçısı olmaq istəyən xeyli adamın hərəkətə keçdiyi də gələn xəbərlər sırasındadır. Onlardan biri də hazırda Binəqədi Rayon İcra başçısının 1-ci müavini vəzifəsində işləyən İlqar Süleymanovdur.

İ.Süleymanov keçmiş vergi işçisi olub. Hazırda işlədiyi posta vergilər sistemindən gətirilib. Sabiq vergilər naziri Fazil Məmmədovun ən etibarlı kadrlarından, yaxın adamlarından olub. Binəqədinin keçmiş başçısı Xaləddin İsgəndərov da Fazil Məmmədovun yaxın qohumu və inandığı kadrlarından olsa da İlqar Süleymanovla heç vaxt yol getməyiblər. Deyilənə görə, Xaləddin İsgəndərov İ.Süleymanovu özünə potensial rəqib görürmüş. Mənbəmiz iddia edir ki, İ.Süleymanovun gənc və savadlı olması, təsərrüfat işini və idarəetməni yaxşı bilməsi, ən əsas da Fazil Məmmədov tərəfindən etimad qazanması Xaləddin İsgəndərovu daim narahat edirmiş. Bu səbəbdən də həmişə İ.Süleymanovla X.İsgəndərov araslında soyuq münasibət olub. Başqa bir iddiaya görə, onlar vaxtaşırı bir-biriləri haqda mətbuata gizli yolla ifşaedici məlumatlar ötürürmüşlər.

Ötən il may ayında Xaləddin İsgəndərov vəzifədən çıxarıldıqdan sonra İlqar Süleymanov Binəqədinin icra başçısı olmaq üçün çox çalışıb. Bu haqda ötən il mediada xeyli yazılıb. Musavat.com-a Süleymanovun yaxın çevrəsindən verilən məlumata görə, o, çox çalışsa da, niyyəti baş tutmayıb. Ona hələ bir müddət də 1-ci müavin postunda işləməsi tövsiyə edilib.

İndi isə boş qalmış başqa bir posta – Xətainin icra başçısı vəzifəsinə təyinat alması üçün İ.Süleymanovun ciddi çalışdığı deyilir. Bunun üçün o, tərcümeyi-halının bəzi məqamlarını “təmizləmək” işinə girişib deyirlər. Mənbə bildirir ki, onu ən çox narahat edən karyerasının Fazil Məmmədovla bağlı olmasıdı.

Mənbə bildirir ki, İ.Süleymanovun tərcümeyi-halında ona mane ola biləcək təkcə Fazil Məmmədova bağlı məqamlar deyil. Deyilənə görə, o, 1-ci müavin olduğu dövrdə adı xeyli xoşagəlməz fəaliyyətlərdə hallanıb. Bu haqda indiyədək bəzi KİV-lərdə yazılar da gedib. Musavat.com İ.Süleymanov haqda yazılanların hamısının həqiqət olduğunu iddia etmir. Sadəcə bu məqamı xatırlatmaqla kifayətlənir.

Yazılanlarla bağlı İlqar Süleymanov mövqe bildirmək istəsə, onun mövqeyini, açıqlamasını dərc etməyə hazırıq.

Oxşar xəbərlər