Qanuninfo.az AYB.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı və tərcüməçi, Fransanın yüksək “İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülmüş Hamlet Qoca bir neçə saat bundan öncə dünyasını dəyişib. Bu barədə mərhumun ailəsi məlumat verib.
Bədii yaradıcılığa ötən əsrin 60-cı illərində başlamış Hamlet Qoca ilk qələm nümunələri mətbuatda işıq üzü görən gündən oxucu qəlbinə yol tapa bilmişdir. O, təkcə yazmaqla kifayətlənməmiş, ömrünü daha məsuliyyətli və ağır sahəyə - tərcüməçilik işinə bağlamışdır.
Hələ orta məktəbdə oxuduğu illərdən fransız dilini öyrənməyə xüsusi həvəsi ilə seçilən Hamlet Qoca sonralar Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız şöbəsini bitirmiş və tələbəlik illərindən tərcüməçiliklə məşğul olmağa başlamışdır.
Fransız yazıçısı Andre Moruanın hekayələrindən ibarət “Fəslin çiçəkləri” kitabı 1970-ci ildə onun tərcüməsində Azərbaycan dilində çapdan çıxmışdır. Bununla da orijinaldan bədii tərcümələr edən azsaylı mütərcimlər sırasına istedadlı bir tərcüməçi də qoşulmuşdur. O, müxtəlif illərdə Ann Filippin “Bir göz qırpımı” kitabını, Gi de Mopassanın novellalarını, Mari-Luiza Verin “Perettanın nağılları”, Jorj Simenonun “Malular ailəsi”, A.Truayanın “Həvva və alma”, Kamyunun “Taun” romanını, Saqanın “Salam qüssə”, “Çəmənlikdə piano”, Baninin (Ümmülbanu) “Qafqaz günləri” və “Paris günləri” əsərlərini, “Qırmızı çayın ayağında” adı altında Fransa yazıçılarının hekayələr toplusunu ana dilimizə çevirmiş və nəşr etdirmişdir. Onun yüksək peşəkarlıq səviyyəsi, orijinala yaxınlığı ilə seçilən tərcümələri bu gün də sevilə-sevilə oxunmaqdadır.
Hamlet Qocanın böyük zəhməti hesabına XIX-XX əsrləri əhatə edən “Fransız ədəbiyyatı antologiyası” tərtib və tərcümə edilərək işıq üzü görmüşdür.
Bütün bunlarla yanaşı, Hamlet Qoca orijinal yaradıcılıqla da məşğul olmuş və daim bədii axtarışlarını davam etdirmişdir. Bu səbəbdən də onun “Tam-tamlar ölkəsində”, “Afrikada gördüklərim”, “Üç Afrika səfəri”, “Fransızlar yurdum haqqında”, “Kirayəçilər”, “Keçmişdən 44 məktub” kitabları, beynəlxalq mövzuda oçerk və məqalələri maraqla qarşılanmışdır.
Hamlet Qoca, həmçinin Azərbaycan-Fransa tarixi və mədəni əlaqələri haqqında ilk araşdırma kitabının müəllifidir. Elə bu səbəbdən də iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə və xidmətlərinə görə Fransanın yüksək “İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülmüşdür.
Hamlet Qocanın yaradıcılığı kimi həyat yolu da maraqlıdır. Harada işləməsindən asılı olmayaraq mənsub olduğu xalqı yüksək səviyyədə təmsil etmiş, ona tapşırılmış hər bir işin öhdəsindən layiqincə gəlmişdir.
1965-ci ildə ali təhsilini tamamlayıb Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda əmək fəaliyyətinə başlamış Hamlet Qoca “Gənclik” nəşriyyatında redaktor, Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsində məsul katib, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Avropa ölkələri üzrə baş redaksiyasında baş redaktor, Malidə tərcüməçi və Əlcəzairdəki səfirliyin mədəniyyət mərkəzində şöbə müdiri, Milli Məclisin beynəlxalq münasibətlər şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir.
Tale elə gətirmişdir ki, Hamlet Qoca bir müddət AZƏRTAC-ın fransız dilinə tərcümə bölməsinə rəhbərlik etmiş və burada gənc mütəxəssislərin yetişməsi, püxtələşməsinə öz töhfəsini vermişdir.
Qeyd edək ki, Hamlet Qoca Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qocanın qardaşıdır.
Allah rəhmət eləsin!