Kirayə qalanlar necə mənzil sahibi ola bilər? – Əsas tələblər

Kirayə qalanlar necə mənzil sahibi ola bilər? – Əsas tələblər “Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq edib. Bu, ölkəmizdə sosial kirayə fondunun yaradılması deməkdir”

İqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ölkə vətəndaşları ipoteka kreditləri ilə yanaşı, həmçinin evləri kirayə götürmək hüququna malik olacaqlar.

“Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib ola biləcəklər. Mənzili kirayə edən vətəndaşmızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər”.

Ekspert formalaşmaqda olan kirayə mənzil fondu ilə bağlı ən vacib məqamlara da toxunub.

– Kirayə mənzilin verilməsi mexanizmi necə olacaq?

– İpoteka və Kredit Zəmanət Fondunun tabeçiliyində olan mənzilləri kirayə veriləcək. Vətəndaşlarımız fondun təklif etdiyi şərtlərlə mənzili kirayəyə götürmək imkanı qazanacaqlar. Bu zaman mənzillərin aylıq kirayə haqqları fondun ev üçün çəkdiyi xərclərə əsasən müəyyənləşəcək

Kirayə qalanlar necə mənzil sahibi ola bilər? – Əsas tələblər


Vüqar Bayramov

– Fond kirayə təklif etmək üçün vəsaiti haradan cəlb edəcək?

– Qaydalara görə, fondun kapitalı və fondun emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına evlər alınacaq. Qeyd edək ki, fondun nizamnamə kapitalı 466 milyon manatdır.

– Kimlər kirayə mənzilə sahib ola bilər?

– Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Mənzillərə sahib olmaq üçün mövcud sənəd başqa şərtlər müəyyənləşdirməyib. Bu, o deməkdir ki, ödəmə qabiliyyəti olan və borc öhdəliyi olmayan istənilən vətəndaşımız kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilər.

– Yaşayış sahəsinin qiyməti necə müəyyənləşəcək?

– Qaydalara əsasən, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir.

– Kirayə hansı müddətə bağlana bilər?

– Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.

– Kirayəçi mənzilə ən tezi hansı müddətdən sonra sahib ola bilər?

– Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüqqunq malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.

– İlkin ödəniş tələb olunurmu?

– Kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir.

– Kirayəçi mənzili rəsmi olaraq başqa şəxsə ötürə bilərmi?

– Qaydalar görə, kirayəçiyə belə hüquq verir. Fondun yazılı razılığı ilə kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə o zaman fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyə verəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq.

– Kirayəçi dünyasını dəyişəndə müqavilə şərtləri necə icra olunur?

-Kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçir.

– Kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi mümkündürmü?

-Kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə isə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.

– Fond hansı mənzilləri təklif edəcək?

– Fond öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Mənzillər tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır.

– Kirayə mənzillər ilə bağlı məlumatı haradan əldə etmək mümkün olacaq?

– Fond satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək.

– Kirayə mənzilə sahib olmaq üçün necə müraicət etmək mümkün olacaq?

-Təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək.

– Fondun razılıq verdiyi müqaviləyə nə zaman xitam verilə bilər?

– Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilmirsə o zaman müqaviləyə xitam verilir.

– Kirayə müqaviləsinin bağlanılmasından imtina edilmiş şəxs yenidən müraciət edə bilərmi?

– Kirayə müqaviləsi bağlamaqdan imtina edilən şəxs yenidən müraciət etmək hüququna malikdir.

– Aylıq ödənişin məbləği necə hesablanacaq?

– Fond aylıq ödəniş məbləğini fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər, bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalar və yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərcləri əsasən hesablanacaq.

– Ödənilmiş aylıq ödənişlər geri qaytarıla bilərmi?

– Qaydalara əsasən, fonda ödənilmiş aylıq ödənişlər Fondun gəliri hesab olunur və geri qaytarılmır.

– Aylıq ödənişlər sabit rəqəm olacaqmı?

– 12 aylıq ilkin ödənişdən sonra kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək.

– Kirayə mənzildə yaranan xərcləri kim ödəyir?

– Kirayəçinin istifadəsinə verildikdən sonra yaşayış sahəsinin təmir səviyyəsinin yaxşılaşdırılması və əlavə təmirlə bağlı xərclər kirayəçinin vəsaiti hesabına həyata keçirilir. Yaşayış sahəsində yenidənqurma və ya yenidənplanlaşdırma, habelə əsaslı təmir işləri yalnız Fondun yazılı razılığı ilə həyata keçirilə bilər. Kommunal xərcləri və digər məcburi ödənişləri də kirayəçi ödəyir.

– Kirayə müqaviləsinə hansı hallarda xitam verilir?

– Kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə, kirayə müqaviləsi üzrə kirayə hüquq münasibətlərinə xitam verilir. Yəni, bu zaman artıq kirayəçi mənzilə sahib olur və “kupça” alır. Artıq o kirayə haqqı ödəmit. Kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Fond isə ödənişləri 60 gün və daha çox müddətə yubatdıqda, kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə müqaviləyə xitam verir.

– Sığorta hadisəsi baş verəndə vəsait necə bölüşdürülür?

– Sığorta ödənişi kirayəçi ödədiyi vəsait ilə ödənilməmiş qalıq məbləğinin nisbətinə uyğun olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür.

Oxşar xəbərlər