Vurulmuş məmurlar müxalifətə meyl edərsə...

Vurulmuş məmurlar müxalifətə meyl edərsə... Ekspert: “Korrupsiyaya bulaşan insanlarla əməkdaşlığa gedən müxalifətin onsuz da aşağı olan nüfuzu daha da zəifləyər”
Azərbaycanda son zamanlar idarəetmədə aparılan struktur islahatları fonunda xeyli yüksək çinli məmur işdən azad edilib. Lakin bu da faktdır ki, onlar uzun müddət dövlət orqanlarında yüksək vəzifədə təmsil olunduqları üçün əlaqələri kifayət qədər geniş olub. Şəxsi əlaqələri ilə yanaşı bu şəxslərin geniş biznes şəbəkələrinə malik olmaları da iddia edilir. Mətbuatda bu şəxslərin korrupsioner əməlləri ilə bağlı çoxsaylı məlumatlar yayılsa da, onlar hələ də azadlıqda gəzirlər.

Bəs belə olan halda geniş şəxsi əlaqələrə, biznes şəbəkəsinə malik olan məmurlar müxalifətlə birləşib, hakimiyyətə qarşı çıxa bilərlərmi? Onlar dövlətimiz üçün nə dərəcədə təhlükəlidir?

“Yeni Müsavat”a danışan ekspert Nəzakət Məmmədova bildirib ki, belə təhlükə potensial olaraq hər zaman var:

“Lakin bu olsa belə, fikrimcə, hazırda latent, yəni gizli vəziyyətdədir. Potensial təhlükənin real təhlükəyə çevrilməsi o zaman baş verə bilər ki, indiki hakimiyyət zəifləsin və o zaman hətta gözlənilməz yerlərdən, şəxslərdən belə real və aşkar təhdid impulsları gələ bilər. Bunun daxili və xarici mənbələrdən qaynaqlanması da mümkündür. Bəzi xarici dövlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı separatçılar, siyasi sığınacaq alıb Avropada fəaliyyət göstərənlər, müxtəlif səbəblərdən indiki iqtidarla yolları ayrılmış məmurlar, şəxsi ədavət, yaxud ideya baxımdan narazı şəxslər real və potensial təhdid mənbəyi olsalar da, hazırda hakimiyyət möhkəm əllərdədir. İlham Əliyevin çox güclü, müdrik komandası var. Xüsusilə müdrik dövlət xadimi, böyük dövlətçilik təcrübəsi olan akademik Ramiz Mehdiyevi biz mübaliğəsiz olaraq ”ideoloji cəbhənin generalı" adlandıra bilərik. Dünya tarixində daima dövlət başçılarının yanında müdrik, uzaqgörən şəxslər olub və onlar öz dəyərli tövsiyələri ilə dövlətin davamlılığının, hakimiyyətin möhkəmliyinin qorunub-saxlanmasında müstəsna rol oynayıblar. İstər türk dövlətçilik tarixində ağsaqqallar şurası, istərsə də Qədim Roma və Yunanıstandan başlayaraq bugünkü Avropa demokratiyasınadək uzanan yolda dövlət başçısının idarəçilik sistemində müdrik, təcrübəli şəxslər olublar".

Vurulmuş məmurlar müxalifətə meyl edərsə...










Politoloq bildirib ki, bu gün də Azərbaycan dövlətçiliyinə təhlükə var və bu, əvvəlki illərlə müqayisədə daha da artıb.

“Avropa təşkilatlarının ədalətsiz qətnamələri, öz geosiyasi maraqları naminə ölkəmizdəki sabitliyi pozmaq üçün radikal müxalifətdən iğtişaş yaratmaq cəhdləri dövlətçiliyin əsaslarına təhlükədir. Lakin klassik geopolitiklərin təbirincə, dövləti bir orqanizm kimi təsəvvür etsək, xəstəlik, təhdid o zaman yaranar ki, immunitet zəifləsin. Orqanizm güclü olduqca təhlükə də gizli şəkildə qalır və xəstəliyə çevrilə bilmir. Azərbaycan dövləti güclüdür, daxili və xarici təhlükələrə immuniteti yüksəkdir, çünki asayişi, qanunun aliliyini qoruyan güclü polisi var. Vəzifədən çıxarılan məmurlar indi baş qaldıra bilmirlər. Çünki əvvəla, onların bir çoxu vəzifədə olduqları zaman korrupsiyaya bulaşıblar. Korrupsiyaya bulaşan insanlarla əməkdaşlığa gedən müxalifətin onsuz da aşağı olan nüfuzu daha da zəifləyər. Digər tərəfdən, hakimiyyət möhkəm əllərdə olduğu üçün həmin məmurlar cəsarət edib prezidentə qarşı çıxa bilməzlər. Prezident konstitusiyanın ona verdiyi səlahiyyətlər çərçivəsində vəzifəyə təyin və azad edir. Hər hansı məmur vəzifədən çıxarılıbsa, deməli, prezidentin buna əsası olub. Həmin məmur da bunu bilir və onun müxalifətə, yaxud digər xarici məkrli qüvvələrə qoşulması birbaşa tək prezidentə yox, dövlətçiliyə xəyanətdir. Belə bir addımın da qanuni məsuliyyəti var. Ağlı başında olan adamın buna cəsarət etməsi inandırıcı deyil. Cəsarət edən isə, dediyimiz kimi, səhv yolda olduğunu anlamalıdır”.

Məmmədova qeyd edib ki, istənilən ölkədə hakimiyyət komandasında yer tutmuş insanlar hər zaman, hətta vəzifədən getdikdən sonra uzun zaman belə bəzi maraqlı daxili və xarici qüvvələrin diqqətində olur:

“Çünki onlar çox məlumatlı, idarəetmə texnologiyalarına bələd olan şəxslərdir. Onların bildikləri informasiyaya çıxış hakim komanda, siyasi elita, hakimiyyətdaxili münasibətlər, hökumət üzvləri barədə məlumatlar toplamağa, bununla da iqtidarın zəif və güclü tərəfləri barədə bilgi əldə etməyə, öz işini o istiqamətdə qurmağa kömək edə bilər. Əbəs deyil ki, xarici ölkələrdə hakimiyyətdə yüksək mövqe tutan şəxslər istefa verdikdən və ya vəzifədən azad olunduqdan sonra da müxtəlif korporasiyalar, beyin mərkəzlərinə təlimçilik üçün dəvət olunurlar. Lakin təəssüf ki, bizdə belə bir ənənə formalaşmayıb və bu insanlar daha çox ”bəlkə də qaytardılar" ümidi ilə hakimiyyətə qarşı çıxmırlar. Təbii ki, siyasi fəaliyyətini sivil qaydada davam etdirmək onların öz işidir. Lakin daxili və radikal qüvvələri maliyyələşdirib onların qeyri-qanuni fəaliyyətində iştirak etmək, dövlət çevrilişi, silahlı sui-qəsd çağırışı edən şəxslərlə əlbir olub hakimiyyətə qarşı çıxmaq, cəmiyyətdə çaxnaşma yaratmaq, dövlət çevrilişi cəhdində iştirak və s. heç cür bəraət qazandırıla bilməz. Əvvəlki illərdə belə hallar olmuşdu, lakin bu ənənə aradan qalxmalıdır. Hakimiyyətin mənbəyi xalqdır, nə qədər prezident xalqla yaxın olacaqsa, heç bir daxili və xarici qüvvələr, o cümlədən komandadan kənarlaşdırılmış məmurlar iqtidarı zəiflədə, prezidenti yenə bilməzlər".

Oxşar xəbərlər