Ölkədə “əbədi vəzifə”lər dövrü bitir

Ölkədə “əbədi vəzifə”lər dövrü bitir Dövlət qulluqçularının rotasiyasına – vəzifə yerlərinin mütəmadi dəyişdirilməsinə başlanacaq; vəzifəli şəxslərin gəlirlər haqqında qanunun icra vəziyyəti də gündəmdə…

Azərbaycanda dövlət qulluqçularının rotasiyasına – vəzifə yerlərinin mütəmadi dəyişdirilməsinə başlanacaq. Bu, prezident İlham Əliyevin təsdiqlədiyi lAzərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya»da nəzərdə tutulub.

Strategiyaya əsasən, dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və dövlət orqanlarının tələbatına uyğun olaraq dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir. Rotasiyanın səmərə verdiyi sahələr və vəzifələr, onun tətbiqi mexanizmləri qanunvericiliklə müəyyən edilməlidir.

Dövlət orqanlarının rəhbərləri rotasiyadan mütəmadi istifadə etməlidirlər.

Rotasiya zamanı dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qulluqçularının regionlarda işləməyə həvəsləndirilməsi məqsədilə kompensasiya və birdəfəlik ödənişlər qanunvericilikdə nəzərdə tutulmalıdır.

Strategiyada yer alan tədbirlər planına əsasən, rotasiyanın tətbiqi mexanizmlərinin yaradılmasına dair təkliflər 2020-ci ildə hazırlanacaq. Bu işlər Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzinə tapşırılıb. Paralel olaraq dövlət qulluqçularının karyera planının tərtib edilməsinin qanunvericiliklə tənzimlənməsinə dair təkliflər də hazırlanacaq.

Eyni zamanda mütəmadi rotasiyanın aparılacağı sahələr də müəyyən ediləcək.

Sənədə əsasən, rotasiya olunan zaman yaşadığı regionu dəyişən dövlət qulluqçuları üçün kompensasiya və birdəfəlik ödəniş nəzərdə tutulacaq. Bundan başqa, rotasiya olunan dövlət qulluqçularının ailə üzvlərinin onların köçdüyü regionda işlə, məktəbəqədər təhsil və ümumtəhsil müəssisələrində yerlə təmin edilməsi də nəzərdə tutulur.

Dekabrın 11-də prezident İlham Əliyev bu gün(26 dekabr- red.) imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb. Fərmana görə, Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. Bu müddəa fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.

Bu arada mediada vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanunun icra vəziyyəti də gündəmə gəlib. Söhbət 2005-ci ilin avqust ayında qəbul edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” Qanundan gedir. Qanun 2005-ci il iyunun 24-də ölkə başçısı tərəfindən təsdiq edilib və həmin il avqustun 14-də qüvvəyə minib. Amma qanunun tətbiqi bilinməyən səbəblərdən gecikir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a xatırladıb ki, sözügedən qanun layihəsi 2005-ci ildə parlament tərəfindən qəbul edilib və prezident tərəfindən təsdiqlənib:

“Qanun icra olunmalıdır. Artıq bu qanunun icrası MDB məkanında olan bir sıra dövlətlərdə həyata keçirilir. Hesab edirəm ki, vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanunun icra edilməsi şəffaflığı təmin edəcək. Həm də insanlar bu məsələ ilə bağlı müəyyən məsuliyyət hiss edəcəklər. Artıq gəlir deklorasiyasının tətbiq olunması vacibdir”.

Deputat bildirib ki, qanun layihəsi təsdiq edildikdən sonra vəzifəli şəxslərin gəlir deklorasiyasının tətbiq olunması ilə bağlı müddəaları hazırlamaq Nazirlər Kabinetinə tapşırılıb.

“Azərbaycan hökumətindən soruşmaq lazımdır ki, vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun niyə icra olunmur? Bu qanunun icrasına ehtiyac var. Nazirlər Kabineti müəyyən normalar tətbiq etməli və qərar verməlidir. Qərara uyğun olaraq da deklorasiyalar tərtib edilməlidir. Vəzifəli şəxslərin gəlir deklorasiyasının verilməsi çox müsbət addımdır”.(musavat)

Oxşar xəbərlər