Prezident: Azərbaycan teatrı xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur

Prezident: Azərbaycan teatrı xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Məktubu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları, sizi V Bakı Beynəlxalq Teatr Konfransının açılışı münasibətilə salamlayır və konfransın işinə müvəffəqiyyətlər arzulayıram. Mədəniyyət bütün dövrlərdə insanların ünsiyyətinin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub".

Qeyd edilib ki, teatr sənəti bədii estetik fikrin zənginləşməsində həmişə mühüm rol oynayıb:

"XIX əsrin II yarısından başlayaraq Azərbaycanda cərəyan edən və maarifçilik hərəkatını canlandıran ictimai-siyasi hadisələr ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişikliklərinə yol açdı. Həmin dövr Azərbaycan teatrının inkişafı baxımından olduqca əlamətdardır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsi ilə nəticələndi".

Bildirilib ki, ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sənətə çevrilmiş Azərbaycan teatrı bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur:

"Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, konfransın ölkəmizin paytaxtında "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" çərçivəsində təşkili xoş bir ənənə halını alıb. Dünyanın 40-dan çox ölkəsindən gəlmiş teatr xadimlərinin, mötəbər teatr qurumlarının rəhbərləri və təmsilçilərinin, teatr mütəxəssislərinin iştirakı ilə bu konfransın artan nüfuzu artıq göz qabağındadır. Sürətli qloballaşma şəraitində müasir teatrın imkanları, qarşılaşdığı problemlər və gələcək inkişafının əsas istiqamətinə dair mövzularda səmərəli fikir mübadiləsi aparılacağına və birgə layihələr işlənilib hazırlanacağına əminik.

Ümidvaram ki, konfrans geniş müzakirələr yolu ilə yaradıcılıq məsələlərinin uğurlu həllinə müvəffəq olaraq, ölkələrimiz və xalqlarımız arasında mədəni əməkdaşlığın dərinləşməsi və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verir. Hər birinizə gələcək fəaliyyətinizdə nailiyyətlər diləyirəm". (trend)

Oxşar xəbərlər