Tramp OPEK-i hədələdi: Azərbaycan nefti ucuzlaşacaq?

Tramp OPEK-i hədələdi: Azərbaycan nefti ucuzlaşacaq? İqtisadçı-alim: “Yəqin ki, müraciətin hansısa təsirləri olacaq”

ABŞ prezidenti Donald Tramp Neft İxracatçıları Ölkələri Təşkilatını (OPEK) “inhisarçı” adlandıraraq, dərhal neftin qiymətlərini aşağı salmağa çağırıb. Amerikalı lider bu fikirləri özünün “Twitter” səhifəsində yazıb. Tarmp bildirib ki, biz Yaxın Şərq ölkələrini müdafiə edirik, onlar uzun müddət biz olmadan təhlükəsiz vəziyyətdə qala bilməzlər: “Bununla belə, yenə də qiymətləri artırmaqda davam edirlər. İnhisarçı OPEK neftin qiymətlərini dərhal aşağı salmalıdır”.

Trampın bu çağırışından sonra, sentyabrın 21-də dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, Londonun ICE (“Inter Continental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar bahalaşaraq 78,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar azalaraq 70,80 dollar olub.

“Yeni Müsavat”a danışan iqtisadçı-alim Fikrət Yusifov neftin qiyməti ilə bağlı dünyadakı mövcud vəziyyət barəsində aşağıdakıları bildirdi: “Dünya bazarlarında neftin qiymətini təhlil edən bütün strukturlar eyni fikri bildirirlər ki, neftin bugünkü qiymətləri reallıqdan yuxarıdır. Bu, təbii ki, ilk növbədə siyasi müstəvidə baş verən hadisələr və bu hadisələrin yaratdığı gərginliklə izah olunur. Diqqət edin ki, ABŞ prezidenti OPEK-ə müraciət edərək, hansı tərzdə fikirlər bildirir. Əslində neftin qiymətlərinin bu şəkildə dəyişilməsinin əsas səbəbi elə ABŞ-ın özünün neft hasil edən ölkələrə qarşı tətbiq etdiyi sanksiyalardır. Noyabr ayının əvvəlində İran neftinin ixracına tətbiq ediləcək sanksiyalar indidən hər kəsə ciddi bir siqnaldır. Bütün bu amillər, Yaxın Şərqdəki, Suriya ətrafındakı vəziyyətin gərginləşməsi, Rusiya, Türkiyə, İranla ABŞ arasındakı gərginliklər, regiondakı sosial-iqtisadi vəziyyəti də qəlizləşdirib. Nəticədə neftin qiymətləri də dəyişir. Ümumiyyətlə, OPEK-də başda Səudiyyə Ərəbistanı olmaqla ABŞ-ın tərəfdaşı olan ölkələr çoxdur. Zaman-zaman ABŞ OPEK vasitəsilə qiymətlərə təsir etmək təcrübəsini əldə edib. Vaxtilə də qiymətlərin aşağı salınması və Sovetlər İttifaqının bunun nəticəsində iqtisadiyyatının çökdürülməsi hər kəsə bəllidir. Bu da məhz Səudiyyə Ərəbistanı ilə ABŞ-ın fikir birliyi əsasında baş vermişdi. Yəni neftin qiymətini aşağı salmaqla bu nəticəyə gəlmişdilər. Ona görə də hesab edirəm ki, ABŞ rəhbərliyi OPEK-ə bu səviyyədə müraciət edirsə, yəqin ki, bu müraciətin hansısa təsirləri olacaq. O baxımdan düşünürəm ki, yaxın vaxtlarda OPEK-in toplantılarının birində ola bilsin ki, hasilatın artırılması ilə bağlı yeni qərarlar verilə bilər. Hasilat da artarsa, təbii ki, ortaya çıxan neftin həcmi də çoxalacaq. Bu isə neftin qiymətlərinin aşağı düşməsinə təsir edəcək. Bütövlükdə siyasi müstəvidəki vəziyyətin gərginliyi və bunun qarşıdakı dönəmlərdə daha da gərgin olmasını nəzərə alsaq, neftin qiymətlərinin aşağı düşməsi bir o qədər də gözlənilən deyil. Reallıq bunu göstərir ki, ilin sonuna doğru siyasi münasibətlərdəki münaqişə bir qədər də gərginləşəcək. Belə olan halda isə neftin qiymətlərində düşmə ola bilməz. Ancaq yenə də ABŞ-ın OPEK-ə verdiyi təklifin, yaxud da qaldırdığı bu təşəbbüsün arxasında nə dərəcədə dayanacağı bəlli deyil. Ola bilər ki, ABŞ yaxın tərəfdaşlarını təkid edib, hansısa nəticəyə gələ bilsin”.

Ekspert neftin qiymətinin dəyişəcəyi təqdirdə manatın aqibəti ilə bağlı da danışdı: “Son zamanlar valyuta bazarına təzyiqlər artıb. ABŞ-ın bizim qonşu ölkələrə, xüsusilə də daha geniş ticarət əlaqələrimizin olduğu Türkiyə və İrana qarşı tətbiq etdiyi sanksiyalar, bu fonda da həmin ölkələrdə milli valyutaların kəskin şəkildə ucuzlaşması bizə təsirsiz ötüşə bilməz. İranla böyük ticarət dövriyyəmiz olmasa da, iqtisadi əlaqələrimiz inkişaf edir və İran həm də bizə qonşu ölkədir. İrana qarşı sanksiyaların tətbiqi, bu ölkəlinin milli valyutasının məzənnəsindəki kəskin ucuzlaşmalar manat qarşısında da böyük sual qoyub. Çünki biz neftin qiymətindən, valyuta və qızıl ehtiyatlarımızın həcmindən asılı olmayaraq, qonşu və ciddi ticarət əlaqəmiz olduğu ölkələrdə milli valyutaların ətrafında baş verən proseslərə biganə qala bilmərik. Əgər bu, uzun müddət davam edərsə biz manatın məzənnəsində müəyyən qədər yumşalmalara getməliyik. Çünki proses uzun müddət davam etsə, qonşu dövlətlərdəki milli valyutalar daha da kəskin ucuzlaşsa, manatın hansısa dönəmdə kəskin devalvasiyası baş verə bilər. Biz məhz bundan qaçmalıyıq. Çünki 2015-ci ildə manatın 2 dəfə kəskin devalvasiyasının acısını uzun müddətdir ki, yaşayırıq. Buna yol vermək olmaz. Ona görə də indidən düşünməliyik. Prosesdə uzaq perspektivə baxılmalıdır. Hələ İrana qarşı sanksiyalar noyabr ayında tətbiq ediləcək. Eyni zamanda Türkiyə-ABŞ münasibətlərində bundan sonra nələr yaşanacaq, bilinmir. Rusiyaya qarşısı da ABŞ çox aqressiv münasibətdədir. Belə görünür ki, Rusiyanı çökdürənə qədər ABŞ ondan əl çəkmək fikrində deyil. Bu gün biz manatı saxlamaqla nəyə nail oluruq? Axı biz Rusiya bazarına olan ixracımızın rəqabət qabiliyyətini də itiririk. Orada valyuta qazanclarının əldə edilməsi baxımından da itkilərə məruz qalırıq. Bu cür itkilər isə nəticədə həmin məhsulları istehsal edən müəssisələrimizin fəaliyyətində ciddi problemlərə səbəb ola bilər. Bu isə real sektorun inkişafı sahəsində atdığımız bu qədər ciddi addımların fonunda bizə heç lazım olmayan haldır”.

İqtisadçı onu da qeyd etdi ki, manatın məzənnəsində dəyişiklik dedikdə kiçik rəqəmləri nəzərdə tutur: “Mən nəzərdə tutmuram ki, dərhal məsələn, dollar 1.75 AZN olsun. Heç olmasa 1-2 qəpik də olsa dəyişiklik etmək lazımdır. Biz manatın məzənnəsini dondursaq da, ixracı dayandıra bilmirik axı. Yaxud da idxal prosesi dayanmır. Bu proseslər getdiyi halda, digər valyutalar ucuzlaşdığı zaman məzənnəni saxlamaq, doğru yanaşma deyil. Real vəziyyətlə ayaqlaşmaq lazımdır”.

Oxşar xəbərlər