
Dünyasını dəyişmiş əsgərin atası Trend-ə açıqlamasında bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb: “Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.
Əsgər atası onu da bildirib ki, ədalətli, düzgün istintaqın aparılmasına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır: “Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov əsgər Fəhmin Əbilovun ölüm faktı ilə əlaqədar atası Akif Əbilovun avqustun 13-də Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edildiyini trend-ə təsdiqləyərək əlavə olaraq bildirib ki, hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir və yaxın günlərdə istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.