Yeni dövlət qurumu nə iş görəcək? - VƏZİFƏLƏR

Yeni dövlət qurumu nə iş görəcək? - VƏZİFƏLƏR Xəbər verdiyimiz kimi, prezidentin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi təsis olunub.

AZTB.info Qafqazinfo-ya istinadla məlumat verir ki, xəbər verir ki, artıq yeni qurumun əsasnaməsi də təsdiq olunub və səlahiyyət çərçivələri müəyyənləşib.

Əsasnaməyə görə, agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Əsasnamə ilə agentliyin qarşısına ümumilikdə 46 vəzifə qoyulub. Bunların bəzilərini təqdim edirik:

- ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almaq, reyestrini aparmaq;

- gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək;

- qanunla müəyyən edilmiş hallarda və qaydada məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparmaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək);

- qanunla müəyyən edilmiş hallarda və qaydada istifadəyə yararsız qida məhsullarının götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar qəbul etmək;

- qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi sahəsində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarət etmək;

- qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirlər görmək;

- təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək;

- genetik modifikasiya olunmuş bitkilərin genetik materialları olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə belə qida məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

- ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlamaq;

- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

Əsasnamə ilə Agentliyə verilmiş hüquqları tam olaraq təqdim edirik:

4.0. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.5. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.6. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqan təsis etmək, xüsusi bülletenlər və digər çap məhsulları buraxmaq;

4.0.7. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

4.0.9. beynəlxalq tədbirlərin, o cümlədən forumların, konfransların, sərgilərin və digər tədbirlərin işində iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;

4.0.10. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlarda iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

4.0.12. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin satış, xidmət və saxlama sahələrinə daxil olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan qida məhsullarının müayinəsini həyata keçirmək;

4.0.13. müvafiq sahədə elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətləri göstərilməsini təşkil etmək;

4.0.14. müvafiq sahədə islahatların aparılmasına dair təkliflər vermək;

4.0.15. müvafiq sahədə əldə olunmuş müsbət təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə lazımi tədbirlər görmək, məlumatlar vermək;

4.0.16. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəməyə iddia (ərizə) ilə müraciət etmək və öz adından məhkəmədə iştirak etmək;
4.0.17. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Oxşar xəbərlər