Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birliyi sayəsində bu gün biz Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edirik. Qubadlılar hər il işğal gününü böyük ürək ağrısı ilə yad edirdilərsə,artıq 25 oktyabrı bayram günü kimi qeyd edirlər.
Vətən müharibəsi bizim şanlı qələbəmizlə nəticələndi və biz bütün torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlüyümüzü bərpa etdik. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Prezidentimiz İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva 25 oktyabr 2021-ci ildə Qubadlıya səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər.
2024-cü il oktyabrın 12-də İlham Əliyev və Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, Qubadlı yarımstansiyasının,Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və biz işğaldan azad edilmiş bütün rayonlarımızı, eləcə də Qubadlını yenidən qururuq. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən bərpa edilir, Qubadlıya həyat yenidən qayıdır. Bu gün bu şanlı qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcəkdi.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
müəllimi Şəbnəm Rəhimova