Qarabağda yenidən həyat canlanır

Qarabağda yenidən  həyat  canlanır Torpaqlarımız uzun müddət idi ki, işğal altında idi. Bu müddət ərzində təbiətin bütün gözəlliklərinin bəxş olunduğu Qarabağda sanki həyat dayanmışdı. Vəhşi qəbilə kimi yaşayan, heç bir dəyərə, mədəniyyətə sahib olmayan ermənilər bu əsrarəngiz gözəlliyi məhv etmiş, çapıb-talamış, viran qoymuşlar. Belə bir mənzərə qarşısında düz otuz il Azərbaycan səbirsizliklə bu gedişatın bitəcəyi günü gözləmiş, haqq səsini bütün dünyaya çatdırmışdır. Nəhayət, 2020-ci il 27 sentyabrda başlanan müharibə Azərbaycanın mütləq qələbəsi, Ermənistanın kapitulyasiya aktına imza atması ilə nəticələndi.
İndi torpaqlarımız azaddır. Vəhşi qonşularımızın daşı daş üstündə qoymadığı, tamamilə darmadağın etdiyi Qarabağda quruculuq işləri sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastruktur yenidən qurulur. Qısa müddət ərzində çox böyük işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları, su-elektrik stansiyaları tikilir. Müasir standartlara uyğun aparılan yenidənqurma işləri dövlətimizin öz hesabına, heç bir beynəlxalq təşkilatın və fondun yardımı olmadan həyata keçirilir. Bu olduqca çətin bir prosesdir. Torpaqların minalardan təmizlənməsi, paralel olaraq tikinti işlərinin reallaşdırılması böyük maliyyə vəsaiti tələb edir. Çətinliklərə baxmayaraq, bu torpağın öz sahibləri əllərindən gələni əsirgəmir, bütün imkanlarını səfərbər edirlər.
Qələbəmizdən yalnız bir il yarım keçməsinə rəğmən Güləbird Su-Elektrik Stansiyasının, yeddi yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin, Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha sübut edir. Qısa zaman kəsiyində bu cür nəhəng işlərin görülməsi bütün dünyada heyrət və maraq doğurur.
Quruculuq işlərinə xüsusi diqqət ayıran, hər bir layihənin yüksək səviyyədə, məsuliyyətlə həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müsahibələrinin birində demişdir: “Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır”.
Bəli, Qarabağda yenidən həyat canlanır. Otuz il bundan öncə öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız tezliklə dədə-baba ocaqlarına qayıdacaqlar. Xalqımız buna öz gücü, iradəsi, inamı və düzgün siyasi addımları nəticəsində nail oldu.

Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
müəllimi Vüsalə Allahverdiyeva


Oxşar xəbərlər