Supergüclərin “yaşıl” energetika oyunu: Nefti satan uduzur, alansa qazanır

Supergüclərin “yaşıl” energetika oyunu: Nefti satan uduzur, alansa qazanır Dünya KİV-ində yayılan “qorxulu” xəbərlər, neftin gərəksizliyi barədə verilən süjetlər, isveçli Qreta Tunberqin ekoloji fəaliyyəti, koronavirusun fəsadları yalnız bir məqsədə xidmət edir: varlı ölkələrin ucuz qiymətə daş kömür, neft və qaz ehtiyatlarının artırılmasına

Atom elektrik stansiyaları 2019-cu ildə ilk dəfə “yaşıl” elektrik stansiyalarına rəqabətdə uduzublar. Yəni külək generatorları, günəş batareyalarının istehsal etdiyi enerjinin miqdarı daha artıq olub. İstehsal olunan enerjidə hər iki tərəfdə artım olub, sadəcə alternativ enerji istehsalında artım 13 faiz olmaqla 2,8 petavatt-saat təşkil edib. Atom elektrik stansiyalarında ümumi göstərici 2,796 petavatt-saat olub. Bu barədə “BP Statistical Review” şirkətinin yaydığı məlumatda bildirilir.

“Yaşıl” energetika dünyaya tələb olunan enerjinin çox az hissəsini təklif edə bilir

Alternativ enerjinin daha çox inkişaf etdiyi məkan Avropa Birliyidir. Əlbəttə, ekoloji durumun pisləşməsi yeni və daha təhlükəsiz enerji istehsal edən texnologiyaların tətbiqini qaçılmaz edir. Öz ölkəsinin təhlükəsizliyini təmin etməyə çalışan dövlətlər həm qanunvericilik, həm də texnoloji müstəvidə xeyli iş görürlər. Böyük Britaniya yaxın 10-15 ildə benzinlə işləyən bütün avtomobilləri öz ərazisindən yığışdırmağa hazırlaşır. Hidrogen və elektriklə işləyən avtomobillər köhnə maşınları əvəz edəcək. İlk mərhələdə ictimai nəqliyyatda avtobusların yenilənməsinə başlanılıb. Koronavirus pandemiyası Avropa Birliyi və Böyük Britaniyanı bu prosesi daha da sürətləndirməyə məcbur edir.

Əlbəttə, Yer planetində olan bütün enerjini Günəşdən alırıq. Bu enerji neft, qaz, daş kömür, uran, plutonium kimi ehtiyatlarda toplanır. Maddi forması olan hər şeydə enerji var. Bitkilər günəş enerjisini toplayan ən ideal “nanotexnologiya”dır. Yer kürəsi Günəşdən gələn enerjinin cəmi 1 faizi ilə dolanır. Əgər bu enerjidən daha bir faizini qoruyub saxlaya bilsəydik, dərdimiz olmazdı. Amma bəşəriyyətin indiki durumunda nə külək generatorları, nə də günəş batareyaları mükəmməl deyil. Ekologiyanı qorumaq, daha təhlükəsiz həyat tərzi təklif etmək, havanın təmizlənməsinə nail olmaq ətrafında xeyli müzakirə aparılsa da, effektivlik baxımından “yaşıl” energetika dünya iqtisadiyyatına tələb olunan enerjinin çox az hissəsini təklif edə bilir.

Pul lazımdır, deməli, nefti neçəyə gəldi satırlar

Azərbaycan neft-qaz ölkəsi olduğu üçün dünya bazarında bu enerji növlərinə olan tələbatın azalması, qiymətin enməsi, hətta neft erasının bitməsi kimi xəbərlərin paylaşılması ölkə iqtisadiyyatına ciddi və duyulan zərbə endirir. Neft xəbərləri bir axınla gəlir, qiymətin dəhşətli dərəcədə enəcəyi bildirilir. Çin, ABŞ, Avropa Birliyi ölkələrində qəbul edilən hər hansı bir qərar birjalarda o dəqiqə özünü hansısa formada əks etdirir. Neft istehsal edən ölkələr arasında da birlik olmadığından hərə qəbul olunmuş qərarları pozmağa çalışır. Pul lazımdır, deməli, nefti neçəyə gəldi satırlar. Məsələn, Səudiyyə Ərəbistanı hələ mart ayında 10 ABŞ dollarından endirim təklif edirdi. Bu tendensiya indi də davam edir.

Dünyanın aparıcı ölkələri yeni standartları tətbiq edir, ekoloji təhlükəsizliyə can atırlar. Böyük media qurumları da bu tendensiyanı dəstəkləyir, hər addımbaşı yeni texnologiyadan danışılır, süjet hazırlanır, təbiəti qorumağın əhəmiyyətindən yüzlərlə sənədli film çəkilir. Amma bir həqiqət çox zaman qabardılmır, arxa planda qalır. Bu da faydalı ehtiyatların dünyanın enerji balansında roluna bağlıdır. Dünyanın enerjiyə olan tələbatının üçdə birini hələ də daş kömür ödəyir. Neftin də, qazın da payı olduqca böyükdür. Avtomobilləri əvəzləmək olar, amma sənayeyə lazım olan həcmi “yaşıl” energetika ödəyə bilmir.

Məqsəd dünyanın neft-qaz resurslarını aşağı qiymətə əldə etməkdir

Dünya KİV-ində yayılan “qorxulu” xəbərlər, neftin gərəksizliyi barədə verilən süjetlər, isveçli Qreta Tunberqin ekoloji fəaliyyəti, koronavirusun fəsadları yalnız bir məqsədə xidmət edir: varlı ölkələrin ucuz qiymətə daş kömür, neft və qaz ehtiyatlarının artırılmasına. Kimin imkanı, rezervuarı varsa, 10-15 dollarlıq neftdən alıb yığacaq. Özü də bu prosesin daimi olması üçün lazım gəlsə, lap 100 dəfə pandemiya, iqtisadi böhran, müharibə, lokal hərbi münaqişə, haker hücumu və digər bəla təşkil etmək olar. Bəzən zəlzələ, sunami, quraqlıq, daşqın, qasırğa da yerinə düşər. İnsanlar üçün bəla kimi görünən hadisələrdən kimlərsə çox yaxşı mənfəət əldə edirlər.

Bizim sivilizasiya üçün neftdən-qazdan əhəmiyyətli nəsə tapmaq çətindir. Hazır enerjidir, hər işə yarayır. Həm də sənayedə istifadə edilən xammalın çoxu elə neftdən alınır. Sabah olmasa, nəyləsə əvəzləmək lazım gələcək.

Dünya bazarında elə də böyük çəkisi olmayan “yaşıl” energetika bu gün beyinlərə təsir vasitəsi kimi istifadə edilir. Məqsəd də dünyanın neft-qaz resurslarını mümkün qədər aşağı qiymətə əldə etməkdir. Nefti satan uduzur, alan isə qazanır.

Supergüclərin oyununa qarışmaq olduqca təhlükəlidir. Burada yalnız oyunun qaydalarını gözləməklə müəyyən taktiki mənfəət əldə etmək olar. Strateji uğur qazanmaq üçün isə çinlidən və amerikalıdan daha çox işləməli, almandan daha səliqəli olmalı, yapondan daha səbirli görünməlisən. Həlli çətin görünsə də, mümkünsüz məsələ deyil. /sputnik.az/

Oxşar xəbərlər