İbrahimbəyova Bakıda yeni möhür verilməsinə sərt reaksiyalar

İbrahimbəyova Bakıda yeni möhür verilməsinə sərt reaksiyalar Təxminən 6 il əvvəl özünü siyasətdə sınayan və müxalif qüvvələrin vahid platformasında prezidentliyə namizəd kimi meydana çıxan kinorejissor, ssenarist Rüstəm İbrahimbəyov yenidən film həyatına qayıdıb.

2013-cü ilin seçkiləri ərəfəsində həbs təhlükəsi olduğunu deyərək Rusiyadan Azərbaycana qayıtmayan İbrahimbəyov siyasi fəaliyyətinə son qoyaraq son dövrlər vətənə tez-tez gəlir.

Artıq hakimiyyət orqanları ona “yaşıl işıq” yandırıb və budur – Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının bütün orqanlarının, o cümlədən sədr R.İbrahimbəyovun səlahiyyətini təsdiq edib.

Məsələnin qarışıq, qeyri-müəyyən tərəfi paralel olaraq fəaliyyət göstərən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının(ARKİ) olmasıdır. ARKİ-nin sədri Şəfiqə Məmmədovadır. Qurum özünü legitim təşkilat sayır, İbrahimbəyovun kino ittifaqını qəbul etmir.
İbrahimbəyova Bakıda yeni möhür verilməsinə sərt reaksiyalar
AKİ-yə yeni katib seçilən əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu “Yeni Müsavat”a bildirdi ki, onların yenidən bir araya gəlməsində məqsəd kinonun inkişafına yönəlikdir: “Anar, Rasim Balayev, Cəmil Fərəcov, Əli İsa Cabbarov, Oleq Səfərəliyev və mən katiblər seçilmişik. Soyadlara baxanda aydın olur ki, öz imzasını kinometoqrafiyada qızıl hərflərlə həkk eləmiş adamlardır.

Bizim bir araya gəlməyimiz, o cümlədən hökumətin milli kinoya maddi və mənəvi dəstəyi elə bilirəm ki, bu istiqamətdə öz sözünü deyəcək. Ancaq hələlik inkişafdan danışmayaq, milli kinonun keçmiş şöhrətini qaytarmaqla, reanimasiyası ilə məşğul olmalıyıq. Ondan sonra adaptasiyası üçün əlavə tədbirlər görüləcək”.

B.Vəziroğlu ümid edir ki, gözəl təməli qoyulmuş, unudulan milli kinonun şöhrəti üzərində o ənənələri saxlamaqla yeni milli kino yaradılacaq: “Sovet kinematoqrafiyasının qabaqcıl, ən iri gövdəli qollarından biri Azərbaycan olub və gözəl ənənələr olub. Onlardan tam imtina etmək milli nihilizmə apara, bizi dalana dirəyə bilər. Rasim Ocaqov, Eldar Quliyev, Oqtay Mirqasımov kimi kino nəhənglərinin yaratdığı məktəbin ənənələrini götürüb istedadlı gənclərin hesabına milli kinomuzu dirçəldə bilərik”.

AKİ katibinin sözlərinə görə, bu qurum 1963-cü ildə yaradılıb, 60 ilə yaxın tarixi var: “Yenilənmiş nizamnaməsini və yeni rəhbər orqanlarını təsdiq etdirdik ki, legitimli qurum kimi fəaliyyəti davam etdirək”.

B.Vəziroğlu paralel fəaliyyət göstərən ARKİ ilə bağlı isə bildirdi ki, bu problem onların tərəfindən yaradılmayıb:“Rüstəm müəllim bu yaxınlarda müsahibəsində demişdi ki, problemi biz yaratmamışıq. Ona görə də kimlər yaradıbsa, həll yolunu da tapacaqlar. Digər tərəfdən də Azərbaycanda elə bir geniş kino sənayesi yoxdur ki, iki kino ittifaqı zəruri olsun. Bu məsələ intriqaya çevrilir. Bizim ən böyük uğurumuz söz, ifadə azadlığı əldə etməyimizdir. Həmin qurum, Ayaz Salayev və başqaları istədiyi kimi düşünə, qəbul edə bilər. Bu, onların şəxsi azadlığıdır”.

İbrahimbəyovun keçmişdəki siyasi fəaliyyəti, “Qafqaz üçlüyü” filminə görə onun ətrafına toplaşanların qınanmasına gəlincə, B.Vəziroğlu qeyd etdi ki, siyasətlə siyasətçilər məşğul olurlar: “Biz bura toplaşmışıq ki, nə cür edək kinonu ağ günə çıxaraq, yaralarını sağaldaq. Siyasətlə siyasətçi məşğul olur. Biz Azərbaycan mədəniyyətinin təbliğini, təşviqini nəzərdə tutmuşuq.

Sadəcə, bir xəstəliyimiz var ki, komanda oyunu oynaya bilmirik. Kino incəsənətin sintez növüdür. Burada tək yaxşı ssenari ilə gözəl film olmur. Yaxşı rejissor, operator, musiqi, işıq, aktyor heyəti birləşəndə əla kino yaranır. Ona görə ən yaxşılar toplaşanda nümunəvi filmlər meydana çıxır. Necə ki, “Ad günü”, “Nəsimi”, “Tütək səsi” filmləri yaranıb. Potensialımız var və tezliklə məhsul üzə çıxacaq”.

Qurumun katibi qeyd etdi ki, İbrahimbəyov Bakıda mütəmadi oldu-olmadı, ittifaqın fəaliyyətinə təsir etməyəcək:“Rüstəm müəllim dünyəvi insandır, çevik, mobil rəhbər qrup yaradılıb, burada olub-olmamağı fərq etməyəcək. Hazırda diskussiyalar, qızğın iş gedir, daha da güclənəcəyik. Yeri gəlmişkən, kinomuzun nəhəngi Həsən Seyidbəyli adına olan küçədə, 18 ünvanda gözəl Kino Evi və kino zalı yaradılıb. Kino xadimləri, kinomanlar günün istənilən vaxtı bura gələ, görüş təyin edə, yeni filmlərə baxa bilərlər”.
İbrahimbəyova Bakıda yeni möhür verilməsinə sərt reaksiyalar
Ayaz Salayev: “O təşkilatın rəhbərinin fəaliyyəti Azərbaycanı SSRİ içində görmək arzusudur”

ARKİ katibi, rejissor Ayaz Salayev isə “Yeni Müsavat”a bildirdi ki, ilk bövbədə İbrahimbəyovun təşkilatının feysbuk səhifəsinə diqqət etmək lazımdır.

Onun sözlərinə görə, ittifaqın virtual səhifəsinə baxanda görmək olar ki, sovet kinosunun şəkillərini vurublar: “Onlar soveti özlərinə bayraq ediblər. Mənim fikrimcə, onların rəhbərinin fəaliyyəti, yaradıcılığı, çıxışları Azərbaycanı SSRİ içində görmək arzusudur. Yeni ittifaq ilk növbədə müstəqil Azərbaycanın müstəqil kinosu ilə özünü bağlamalıdır. Amma fikirləşirlərsə iki ittifaqa kino sənayemizdə yer yoxdursa, onda öz arzularını müstəqilliyə bağlayan kinematoqrafçıların fəaliyyətinə yer verilməlidir”.

A.Salayev qeyd etdi ki, əgər həmin ittifaqın başında “Qafqaz üçlüyü” filmi kimi murdar filmin müəllifi dayanırsa, o ittifaqda qalmağa dəyməz.
İbrahimbəyova Bakıda yeni möhür verilməsinə sərt reaksiyalar
Şeyx Əbdül Mahmudbəyov: “O, bizi satıb getdi Milli Şuraya”

Kinorejissor Şeyx Əbdül Mahmudbəyov isə qəzetimizə demişdi ki, İbrahimbəyovun əməli nəticəsində kino sahəsində qarşıdurma yaranıb. Onun fikrincə, kino işçiləri siyasətə gedə bilməz: “O qədər ona etimad etsək də, min oyundan çıxdı, bizi saymadı və getdi prezidentliyə namizəd oldu. Bununla bağlı qurultay çağırmalı, bizdən icazə almalı idi. O isə bizi satıb getdi Milli Şuraya. Bu qədər günah azmış kimi, 82 yaşında Gürcüstana gedib, ermənilərlə baş-başa verib çox murdar bir film çəkdi. Bu yalvardı, Azərbaycan dövləti ona icazə verdi ki, ölkəyə gəlsin. Bu qədər etimaddan sonra yenə də vəziyyətdən sui-istifadə edib bu sahəni yenidən parçalamaq istəyir…”

Yada salaq ki, R.İbrahimbəyov 2013-cü ildən sonra bir neçə il idi Azərbaycana gəlmirdi. O, yalnız 2016-cı ildə qardaşı Maqsud İbrahimbəyovun dəfnində Bakıya gəlmiş və tez də getmişdi.

Xatırladaq ki, İbrahimbəyov Milli Şuranın qurucusu olub, 2013-də müxalifətin prezidentliyə vahid namizədi olaraq irəli sürülüb. Lakin Bakıya həbs təhlükəsi olduğunu deyərək Moskvadan qayıtmayıb və Cəmil Həsənlinin namizədliyi dəstəklənib.

Bu yaxınlarda verdiyi müsahibəsində isə bildirib ki, onu müxalifət namizədliyə təhrik edib. Bir sözlə, İbrahimbəyovun “siyasi ssenarisi” olan Milli Şura ilə bağlı film başa çatıb, o, yenidən çəkiliş meydanındadır…

Oxşar xəbərlər